Yəqin ki, sosial şəbəkə istifadəçiləri müşahidə edirlər: bəzən kimlərsə bu plaformalarda özünə və ailəsinə aid elə şəxsi məlumatları ictimailəşdirirlər ki, bunlar başqları tərəfindən bilinməməlidir. Əksər hallarda ailənin içində aid belə məsələlərin sosial şəbəkələrdə paylaşılması birmənalı qarşılanmır. Şəxsin özünə bildirməsələr də, arxada onu qınayır, hətta lağa qoyur, ələ salırlar.
Tutaq ki, ər öz xanımının ad günü olduğunu Facebook-da təmtəraqla elan edir, ona bəlağətli, pafoslu təbrik yazır, hətta bununla kifayətlənməyərək, həyat yoldaşı barəsində başqalarının bilmədiyi nüansları açıqlayır. Və ya əksinə, xanım əri haqqında başqaları üçün gizli qalması vacib olan şeylərdən bəhs edir.
Məgər ər arvadını evdə - ailə içində təbrik edə bilməzdimi, vacibdirmi onlar bir-birlərinə olan sevgini sosial şəbəkələrdə bəyan eləsinlər? Belə paylaşım etməklə "layk" toplamaq nəyə xidmət edir?
Azərbaycan Psixologiya Akademiyasının rəhbəri Səbinə Cəbrayılova Modern.az saytına açıqlamasında sosial şəbəkə istifadəçilərinin bu platformalarda özəl həyata dair paylaşımlarına münasibət bildirib.
“Sosial şəbəkələrdə özünə aid məlumatları paylaşan şəxslərdə natamamlıq kompleksi var. Onlar belə paylaşımlarla özlərində gördükləri və etiraf etmədikləri hansısa hissləri, kompleksləri kompensasiya edəcəklərini düşünürlər”, - S.Cəbrayılova deyib.