İllər keçdikcə əldə edilən texnoloji yeniliklər, dəyişən dünyagörüşü inkişafa səbəb olsa da, orta yaşlı insanlar üçün yeni problemlərə yol açır. Çox zaman orta yaş nəslinin “bizim vaxtımızda belə deyildi" söylədiyini eşidirik. Əslində doğru deyirlər. Təkcə 15-20 il əvvələ baxmaq kifayətdir ki, cəmiyyətdə baş verən dəyişiklikləri , yenilikləri görək...
Bəzi ekspertlər deyir ki, orta yaşlı insanların müasir dünyaya uyğunlaşa bilməməsi texnoloji inkişafla ayaqlaşa bilməmək, rəqəmsal bacarıqların kifayət qədər olmaması kimi amillərdən qaynaqlanır. Bu yaş qrupundakı insanlar çox vaxt vərdişlərini ənənəvi üsullarla qoruyub saxlayırlar.
Bundan əlavə, sürətlə dəyişən biznes dünyası orta yaşlı insanların müasir iş rejiminə uyğunlaşmasını çətinləşdirə bilər. Bu yaş qrupunda olanlar insanlara yeniliklərə müqavimət göstərməsi də çətinliklər yaradan amillərdən biridir.
Lakin çeviklik, öyrənmək istəyi və gənclərin dəstəyi orta yaşlı insanlara müasir dünyaya daha asan uyğunlaşmağa imkan verə bilər.
Psixoloq Səbinə Bəşirzadə də Modern.az-a açıqlamasında orta yaş nəslinin cəmiyyətə adaptasiyasnın çətinliyinin ilk olaraq texnoloji yeniliklərdən qaynaqlandığını vurğulayıb. O, bu uyğunlaşmanın müəyyən qədər vaxt apardığını, sonradan tarazlığın yarandığını qeyd edib.
“Böyüdüyümüz ailə, mühit müəyyən normalar yaradır. Zaman keçdikcə baş verən proseslər bizə çətinlik yaradır, bu orta nəsil üçün qat-qat çətindir. Zaman-zaman orta nəslin həyatında sosial-psixoloji faktorların kəskinləşdiyini görürük. Yeni mühitdə adaptasiya məsələsi var, formalaşdıqları qəlibdə düşüncələri, əxlaq kodeksləri, mədəniyyət faktorları var. Həmçinin orta nəsil texnoloji yenilikləri, evdə olub başqa bir yerdə olan yaxını ilə əlaqə saxlamağın mümkünlüyünü və rahatlığını da qəbul etməkdə çətinlik çəkirlər, sonra rahatlaşırlar. Orta nəslin gənclik dövründə sosiallaşmada çətinliklər yaranırdı. Sosial adaptasiya cəmiyyətə bizim uyğunlaşmağımıza çox kömək etməlidir. Bizim sosial adaptasiyamız yerində olmalıdır ki, biz hansısa kollektivə daxil olanda orada hansısa bir fəaliyyəti icra edə bilək.”