Mövzu ilə bağlı Modern.az-a danışan Azərbaycan Psixologiya Akademiyasının psixoloqu Səbinə Cəbrayılova bildirib ki, insanların zəlzələ zamanı öz evlərini tərk etməsi onlarda psixoloji travma yaradır.
O zəlzələnin fəsadlarından söz açaraq deyib: "Təbii fəlakət olan zəlzələ insanlarda qorxu, qayğı, təşviş, şok, çarəsizlik, acizlik, güvən itkisi, idarəetmənin itirilməsi, ölüm qorxusu kimi duyğuların təzahürünə səbəb olur. Hər kəs üçün öz evi hüzur tapdığı, güvəndə olduğu yerdir. Zəlzələ zamanı təbii olaraq hamının ilk etdiyi davranış hüzur yerinden qaçmaq olur ki, bu davranışın özü böyük travmaya səbəb olur.
Zəlzələni yaşayan şəxs zəlzələdən təsirlənsə də, həmin şəxsdə travma sonrası stress pozğunluğu olmaya bilər. Buna baxmayaraq, zəlzələni hiss etməyən, ancaq KİV, sosial media ilə izləyən bir çox insanda travma sonrası stress pozğunluğu müşahidə oluna bilər. Ona görə də zəlzələ ehtimalı belə psixologiyamıza öz neqativ təsirini göstərir.
Zəlzələdən dərhal sonra insanda həddindən artıq qorxu hissi, nə etdiyini bilməmək, duyğularını hiss edə bilməmək, reaksiya verə bilməmək, ətrafı və ya vəziyyəti tam qavramaq kimi əlamətlər ola bilər. Birdən insana təsir edən ölüm qorxusu insanda acizlik və panika hissi yarada bilər. Ümumilikdə isə zəlzələyə məruz qalan şəxs psixoloji sarsıntı keçirir".