Uşaq və yeniyetmələrin özünə qəsd etməsinin səbəb və motivləri müxtəlifdir. Uşaq valideynlərinin, müəllimlərinin və yaxınlarının diqqətini öz problemlərinə yönəltməyə cəhd göstərir. Yəni böyüklərin laqeydliyi, rəhmsizliyi, ədalətsizliyi və amansızlığı belə bir etirazın formalaşmasına səbəb olur. Suisidə vadar edən motivlər arasında uşağın daşıya bilmədiyi ürək ağrısı, tənhalıq, hər hansı etdiyi hərəkətə görə xəcalət çəkməsi və günah hissi, ümidsizlik və köməksizlik, dözülməz inciklik və özündən narazılıq və özünü alçaltma, suisid vasitəsilə etiraz etmək və bütün problemlərini yoluna qoymaq məqsədilə daha çox özünü büruzə verir. Valideynlərlə etibarlı və səmimi münasibətlərin itməsi yeniyetmələrdə intihara təşviq edən ən güclü vasitələrdən biridir. Eləcə də məktəbdə uşaqların yaşadığı sıxıntılar da onları intihara meylləndirə bilər. Adətən, məktəbdə yeniyetmənin rastlaşdığı çətinliklər onun özünü qiymətləndirməsinin aşağı düşməsinə səbəb olur. Yeniyetmə özünü ətrafdakılar üçün əhəmiyyətsiz hiss edir, bu duyğunu ürək ağrısı ilə yaşayır. Bədbəxtlik və cavabsız, qarşılıqsız məhəbbət də yeniyetmələrdə sıxıntı yaradan amillərdəndir. Bu, yeniyetmənin özünə uyğun tərəf müqabili taparkən və ya onunla hər iki tərəfi qane edə biləcək münasibətlər yaradarkən çətinlik çəkdiyi zaman yaranır.
Müasir dövrdə yeniyetmələr maddi bərabərsizliyi olduqca ağır qəbul edir və bu hissi yaşamaqda çətinlik çəkirlər. Valideynlər arasında münaqişə və ailədə bir-birinə qarşı zorakılıq, həmçinin yeniyetmənin şüuruna kütləvi şəkildə kütləvi informasiya vasitələri, elektron resurslar vasitəsilə aqressiv reklamlar, seks, zorakılıq, həyatın dəyişməz tərəfləri, ölüm və ya özünəqəsdin təbliği nəticəsində yaranan depressiv əhval və psixi pozğunluqlar da intihara səbəb olan ən güclü faktorlardan biridir. Bəzi yeniyetmələr suisidal davranış riskini artıran psixi xəstəliklərə irsən meylli ola bilər. Bundan başqa, sağalmaz xəstəliklər - HİV/QİÇS, onkoloji və dəri zöhrəvi xəstəlikləri, daimi diaqnostika, müalicə və xüsusi pəhriz tələb edən talassemiya, anadangəlmə şəkərli diabet kimi xəstəliklər uşaqlarda həyatdan bezməyə səbəb olur, bu da intihar üçün əsas ola bilər.